BAKI, TurkicWorld, Orxan Qədirzadə
Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı ölkənin maliyyə sisteminin mövcud regional gərginliklər fonunda sabit fəaliyyət göstərdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Bələmə ölkənin bank və maliyyə sektorunun dayanıqlı, güclü və sabit olduğunu bildirib.
Rəsmi bəyanatda qeyd olunub ki, ölkə üzrə banklar, maliyyə qurumları və sığorta şirkətləri fəaliyyətlərini normal şəkildə davam etdirir və vətəndaşlara göstərilən xidmətlər fasiləsiz təmin olunur.
Mərkəzi Bankın rəhbəri bildirib ki, son 53 ildən artıq müddətdə qurum ölkənin maliyyə və bank sisteminin sabitliyinin qorunmasında mühüm rol oynayıb.
Onun sözlərinə görə, regionda müxtəlif geosiyasi hadisələr baş versə də, BƏƏ-nin maliyyə sistemi yüksək dayanıqlıq, çeviklik və davamlı inkişaf nümayiş etdirib. Bu isə ölkənin həm regional, həm də qlobal səviyyədə etibarlı maliyyə mərkəzi kimi mövqeyini gücləndirib.
Açıqlamada vurğulanıb ki, BƏƏ bank sektorunda kapital adekvatlığı göstəricisi 17 faiz səviyyəsindədir.
Eyni zamanda likvidlik əhatə əmsalı 146,6 faizi keçərək beynəlxalq maliyyə nəzarət qurumlarının tövsiyə etdiyi minimum səviyyədən xeyli yüksəkdir.
Bildirilib ki, ölkənin bank və maliyyə sektorunun ümumi aktivləri artıq 5,42 trilyon dirhəmi ötüb.
BƏƏ-də fəaliyyət göstərən maliyyə qurumları beynəlxalq standartlara uyğun risklərin müəyyənləşdirilməsi və idarə edilməsi sistemlərindən istifadə edir.
Mərkəzi Bank qeyd edib ki, ölkənin ödəniş sistemləri, bank infrastrukturu və maliyyə xidmətləri texnoloji baxımdan inkişaf etmiş platformalar üzərində fəaliyyət göstərir və fasiləsiz işləyir.
Bəyanatda vurğulanıb ki, Mərkəzi Bank maliyyə sektorunun sabitliyini təmin etmək üçün əsas göstəriciləri mütəmadi izləyir və stress-test qiymətləndirmələri aparır.
Eyni zamanda prudensial və monetar siyasət alətləri vasitəsilə maliyyə sistemində sabitliyin qorunması və investor etimadının gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Mərkəzi Bank regionda baş verən prosesləri yaxından izlədiyini və maliyyə sisteminin dayanıqlığını qorumaq üçün bütün zəruri addımların atılacağını bəyan edib.







