BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi paytaxt Beyrutdakı rəsmi iqamətgahında qəbul edib.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı məlumata əsasən, görüş zamanı Vaşinqtonda Livan, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə keçirilmiş danışıqlardan sonra təsdiqlənən çərçivə sazişinin icrasına hazırlıq məsələləri müzakirə olunub.
Bildirilib ki, Cozef Aun ABŞ Prezidenti Donald Trampın Livanda təhlükəsizlik və sabitliyin təmin olunmasına göstərdiyi diqqətə görə admiral Bred Kuperə təşəkkür edib.
Livan Prezidenti dövlətin ölkənin cənubunda beynəlxalq səviyyədə tanınmış sərhədə qədər silahlı qüvvələri vasitəsilə öz səlahiyyətlərini tam bərpa etmək əzmində olduğunu vurğulayıb.
Bununla yanaşı, "Hizbullah"ın silahsızlaşdırılması və ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Livan ordusunun imkanları ətrafında müzakirələr davam edir. İsrail Livanın cənubundan qoşunlarını çıxarmaq üçün bu məsələlərin həllini əsas şərtlərdən biri kimi irəli sürür.







