BAKI, TurkicWorld, Nailə Babazadə
ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişinə nail olunub-olunmayacağının “yəqin ki, 10 gün ərzində” aydınlaşacağını bildirib.
TurkicWorld xəbər verir ki, açıqlama Yaxın Şərqdə ABŞ hərbi mövcudluğunun ikinci aviadaşıyıcı qrupunun bölgəyə yönləndirilməsi ilə gücləndiyi bir vaxta təsadüf edib.
Vaşinqtonda çıxış edən Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb və Tehranın “regional sabitliyi təhdid etməyə davam edəcəyi təqdirdə mənfi nəticələrlə üzləşəcəyini” deyib. ABŞ tərəfi Cenevrədə keçirilmiş son görüşlərdən sonra İranın uranın zənginləşdirilməsi proqramından tam imtina tələbinə cavab gözləyir.
Hazırda USS Abraham Lincoln aviadaşıyıcısı və müşayiət qrupu Oman dənizində patrul xidməti aparır. Dünyanın ən böyük aviadaşıyıcılarından olan USS Gerald R. Ford isə Cəbəllütariq boğazı üzərindən Şərqi Aralıq dənizinə yönəlir.
Müşahidəçilər iki aviadaşıyıcı qrupunun eyni əməliyyat zonasına daxil olması ilə ABŞ-ın hava əməliyyatları imkanlarının əhəmiyyətli dərəcədə artacağını bildirirlər. Səudiyyə Ərəbistanındakı Prins Sultan Hərbi Hava Bazasında yerləşdirilmiş E-3 Sentry tipli erkən xəbərdarlıq təyyarələrinin də real vaxt rejimində komanda-idarəetmə üçün hazır saxlanıldığı qeyd olunur.
Ehtimal edilən əməliyyat ssenarilərində Natanz yaxınlığındakı kompleks və Parçin bölgəsindəki obyektlərin adı çəkilir. İsrailin Vaşinqtona xüsusilə İranın ballistik raket proqramına diqqətin artırılması ilə bağlı təzyiq göstərdiyi bildirilir.
Məlumatlara görə, İranın təxminən 2 min ballistik raketi və 25 buraxılış bazası mövcuddur. Tehran mümkün hücum halında bölgədəki ABŞ bazalarını “qanuni hədəf” sayacağını bəyan edib.
ABŞ mümkün cavab riskinə qarşı bölgədə hava hücumundan müdafiə sistemlərini gücləndirib. Peyk görüntülərində Qətərdəki Əl-Udeyd Hərbi Hava Bazasında “Patriot” sistemlərinin yerləşdirildiyi görünür. Şərqi Aralıq dənizindəki ABŞ hərbi gəmilərinin də İsrail istiqamətinə yönələ biləcək ballistik raketlərə qarşı hazır vəziyyətdə olduğu bildirilir.
Britaniya kimi müttəfiqlərin birbaşa hücum əməliyyatına qoşulmasa da, müdafiə xarakterli tədbirlərdə iştirak edə biləcəyi qeyd olunur.






