BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirlikləri İranın Bəhreyn, Küveyt və İordaniyaya qarşı həyata keçirdiyi hücumları sərt şəkildə pisləyib. Əbu-Dabi bu hücumları region ölkələrinin suverenliyinə təhdid kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi İranın qonşu ölkələrə qarşı hücumlarını “qardaş ölkələrin suverenliyinin açıq şəkildə pozulması, onların təhlükəsizliyi və sabitliyinə təhdid” adlandırıb.
Nazirlik açıqlamasında BƏƏ-nin Bəhreyn, Küveyt və İordaniya ilə tam həmrəy olduğu bildirilib. Həmçinin həmin ölkələrin təhlükəsizliyinin və sabitliyinin qorunmasına yönəlmiş bütün tədbirlərə dəstək ifadə olunub.
İran ABŞ-ın həyata keçirdiyi hücumlara cavab olaraq Bəhreyn, Küveyt və İordaniyada yerləşən obyektləri hədəfə aldığını bildirib. Tehran bu zərbələrin həmin ölkələrdəki ABŞ hərbi obyektlərinə qarşı yönəldiyini açıqlayıb.
Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, Hörmüz boğazında iki neft tankerində “genişmiqyaslı yanğınlar” baş verib.
Körfəz regionunda qarşıdurmanın genişlənməsi fonunda ərəb ölkələri hava məkanlarının və strateji obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını artırırlar.







