BAKI, TurkicWorld, Orxan Qədirzadə
Fransa Prezidenti Emmanuel Macron hökumət, hərbi komandanlıq və parlament nümayəndələrinin iştirakı ilə keçirilən qapalı iclasda Ukraynaya müharibədən sonra fransız qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə edib.
TurkicWorld xəbər verir ki, bu barədə Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, iclasda prezidentin təklif etdiyi plan əleyhinə ümumilikdə ciddi etiraz səslənməyib. Təxminən üç saat davam edən görüşdə 30-a yaxın şəxs iştirak edib. Onların arasında Fransa hökumətinin üzvləri, Silahlı Qüvvələrin Baş Qərargah rəsmiləri, eləcə də Milli Assambleya və Senat rəhbərliyi yer alıb.
Müzakirələr zamanı bəzi iştirakçılar NATO-dan kənar formatda yaradılacaq “istəklilər koalisiyası”nı mümkün alternativ kimi qiymətləndirib. Bununla yanaşı, ABŞ administrasiyasının Rusiya tərəfindən mümkün sülh razılaşmasının pozulacağı halda müdaxilə edib-etməyəcəyi ilə bağlı şübhələr də səsləndirilib.
Parlamentin müdafiə komitəsinin üzvlərindən biri bildirib ki, Makron ABŞ-dan təhlükəsizlik zəmanətləri aldığını desə də, Vaşinqtonun mövqeyinə ehtiyatla yanaşmaq lazımdır.
Mənbələrin məlumatına görə, Fransa prezidenti vurğulayıb ki, beynəlxalq qüvvələr yerləşdiriləcəyi təqdirdə birbaşa cəbhə xəttindən uzaqda olacaq və əsas məqsəd Ukrayna ordusuna dəstək verməkdən ibarət olacaq.
Müxalifət partiyalarının nümayəndələri isə qoşun göndərilməsi üçün əlavə şərtlər irəli sürüblər. “Tabe Olmayan Fransa” fraksiyasının lideri Matilda Pano fransız hərbçilərinin göndərilməsi üçün BMT mandatının vacibliyini bildirib. Kommunist Partiyasının rəhbəri Fabien Russel isə BMT himayəsi altında sülhməramlı missiyanın yaradılmasını dəstəkləyərək zorakılığın yenidən alovlanması riskinə diqqət çəkib.
“Milli Birlik” Partiyasının lideri Marine Le Pen də fransız kontingentinin yalnız BMT çərçivəsində yerləşdirilməsini məqbul saydığını açıqlayıb.
Britaniya–Fransa planı
Xatırladaq ki, yanvarın 8-də The Times qəzeti mənbələrə istinadən Böyük Britaniya və Fransanın sülh razılaşması əldə olunacağı halda Ukraynaya 15 minə qədər hərbçi göndərmək barədə razılığa gəldiyini yazmışdı. Nəşrin məlumatına görə, bu qüvvələrin yarısının Fransadan, yarısının isə Böyük Britaniyadan olacağı nəzərdə tutulur.
Eyni zamanda qeyd olunur ki, hələlik yalnız iki ölkə bu missiyada iştiraka hazır olduğunu bildirib ki, bu da ilkin gözləntilərdən xeyli azdır. Almaniya isə Ukrayna sərhədlərinə yaxın ərazilərdə, o cümlədən Polşa və ya Rumıniyada qüvvə yerləşdirilməsi variantını nəzərdən keçirir.






