BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrail ordusu Livanda həyata keçirilən zərbə nəticəsində İranın “Qüds” Qüvvələrinə bağlı elit bölmənin üzvlərindən birinin öldürüldüyünü açıqlayıb.
TurkicWorld xəbər verir ki,İsrail hərbçilərinin məlumatına görə, öldürülən şəxs İran İnqilab Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən “Qüds” Qüvvələrinin 840-cı bölməsinin əsas əməliyyatçılarından biri olub. Bildirilib ki, sözügedən şəxs Suriya və Livan ərazisindən İsrailə qarşı hücumların planlaşdırılmasında iştirak edib.
İsrail ordusu öldürülən şəxsin Hüseyn Mahmud Marşad əl-Cəvhəri olduğunu bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, o, Livanın Ənsariyyə bölgəsində həyata keçirilən əməliyyat zamanı zərərsizləşdirilib. Hadisənin detalları ilə bağlı əlavə məlumat verilməyib.
Açıqlamada vurğulanıb ki, Hüseyn Mahmud Marşad əl-Cəvhəri İran tərəfindən yönləndirilən və İsrail dövləti, eləcə də onun təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyət göstərən silahlı strukturlarda iştirak edib.
Xatırladaq ki, İsrail və İran arasında iyun ayında qısa müddətli hərbi qarşıdurma yaşanıb. Bu fonda İsrail ordusu Livan ərazisində demək olar ki, hər gün hava və artilleriya zərbələri endirib. İsrail tərəfi bu əməliyyatların məqsədinin İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasının hərbi potensialının bərpa olunmasının qarşısını almaq olduğunu bildirib.
2024-cü ilin noyabrında ABŞ-ın vasitəçiliyi ilə İsrail və “Hizbullah” arasında əldə olunan atəşkəs razılaşması bir ildən artıq davam edən silahlı toqquşmalara son qoyub. Razılaşmaya əsasən, Livanın cənubunda, İsrail sərhədlərinə yaxın ərazilərdə silahlı qruplaşmaların tərksilah olunması nəzərdə tutulur.