BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Maliyyə Nazirliyi İrana qarşı tətbiq etdiyi sanksiyaların siyahısını daha da genişləndirib.
TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, yeni məhdudiyyətlər terrorçuluqla mübarizə tədbirləri çərçivəsində tətbiq olunub.
Sanksiyalar siyahısına Bəhruz Nəmazi adlı şəxs daxil edilib. ABŞ Maliyyə Nazirliyi onun İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olduğunu iddia edir.
Nazirlik həmçinin Bəhruz Nəmazinin rəhbərlik etdiyi bildirilən Nika Cet şirkətini də sanksiyalar siyahısına əlavə edib.
Açıqlamada qeyd olunur ki, bu addım ABŞ-ın İrana qarşı maliyyə və iqtisadi təzyiq siyasətinin davamı kimi qiymətləndirilir.
Yeni sanksiyaların həmin şəxs və şirkətin beynəlxalq maliyyə əməliyyatlarına və ABŞ yurisdiksiyasına aid aktivlərinə məhdudiyyətlər tətbiq etməsi nəzərdə tutulur.
İran tərəfi isə ABŞ-ın yeni sanksiyaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.







