Son dəqiqə

İran ABŞ Rusiya Nigeriya İran İnqilab Keşikçiləri Korpusu Silah Tədarükü Sanksiyalar ABŞ Maliyyə Nazirliyi

Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Maliyyə Nazirliyi İranın silah əldə etməsinə yardım göstərdiyi iddia olunan beynəlxalq şəbəkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

TurkicWorld xəbər verir ki, məhdudiyyətlər İran və Rusiya vətəndaşlarını, eləcə də İran, Rusiya və Nigeriyada fəaliyyət göstərən bir sıra qurumları əhatə edir.

ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, sanksiyaya məruz qalan şəxslər və şirkətlər İran İnqilab Keşikçiləri Korpusunun qanunsuz tədarük fəaliyyətindəki rolunu gizlətməyə yardım göstəriblər.

Nazirlik bildirib ki, bu məqsədlə xarici hava nəqliyyatı və yükdaşıma şirkətlərindən, maliyyə vasitəçilərindən və səfər təşkilatçılarından istifadə olunub.

Açıqlamaya əsasən, həmin şəbəkə İran üçün zəruri materialların və şəxslərin müxtəlif ölkələr arasında daşınmasına şərait yaradıb.

Yeni sanksiyalar Vaşinqtonun son aylarda İranın silah sektoruna yardım göstərməkdə ittiham etdiyi şəxslərə və şirkətlərə qarşı həyata keçirdiyi tədbirlərin davamıdır.

ABŞ may ayında Çin və Honqkonqda yerləşən bir sıra şəxslərə və şirkətlərə, iyun ayında isə İran İnqilab Keşikçiləri Korpusu və İran ordusu üçün silah tədarükünə yardım göstərdiyi iddia olunan 11 şəxs və quruma sanksiya tətbiq etmişdi.

İran tərəfi ABŞ Maliyyə Nazirliyinin son qərarına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər