BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilab Keşikçiləri Korpusunun baş komandan müavini, general-mayor Mustafa İzədi müharibə başlayandan indiyədək 200-dən çox “düşmən təyyarəsinin” vurulduğunu iddia edib.
TurkicWorld xəbər verir ki, İzədi bu barədə çıxışında bildirib.
Onun sözlərinə görə, İran xalqının fəaliyyəti, eləcə də informasiya və ictimai şüur sahələrində aparılan mübarizə nəticəsində vurulan düşmən təyyarələrinin sayı 200-ü keçib.
İzədi bu prosesin regional və qlobal səviyyədə də nəticələrə səbəb olduğunu bildirib.
İranlı general münaqişəni “hibrid müharibə” kimi xarakterizə edib. Onun iddiasına görə, İranın rəqibləri ölkəni həm daxildən sabitliyi pozmaq, həm də hərbi əməliyyatlar vasitəsilə zəiflətməyə çalışıblar.
İzədi münaqişənin İranın siyasi sistemini zəiflətdiyi və ölkədə parçalanmaya səbəb olduğu barədə fikirləri də rədd edib.
O bildirib ki, İran nə parçalanıb, nə də siyasi sistem zəifləyib. Generalın sözlərinə görə, İran İslam Respublikası ölkədə əvvəlkindən daha güclü və daha möhkəm olduğunu nümayiş etdirib.







