Son dəqiqə

Fələstin İsrail Maldiv Maldiv adaları İsrail pasportu Parlament qərarı Siyasi gərginlik

Maldivlər İsrail pasportluların girişini qadağan edib

BAKI, TurkicWorld

Maldiv adaları İsrail pasportu olan şəxslərin ölkəyə girişini rəsmi şəkildə qadağan edib.

TurkicWorld xəbər verir ki, Maldiv adaları parlamenti İsrail pasportu daşıyan şəxslərin ölkəyə girişini qadağan edən qanunu qəbul edib və prezident Muhammed Muizzu tərəfindən təsdiqlənərək qüvvəyə minib.

Prezident Muizzu sosial media hesabında paylaşdığı açıqlamada qanunun imzalanaraq rəsmiləşdiyini bildirərək, “İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağandır” ifadəsini işlədib. O, bu addımın Maldivlərin İsrailin Fələstində həyata keçirdiyi zülmə qarşı mövqeyini əks etdirdiyini və Fələstin xalqı ilə həmrəy olduqlarını bildirib.

Qanun ana müxalifət Maldiv Demokratik Partiyası (MDP) tərəfindən hazırlanaraq Nazirlər Şurasına təqdim edilib və parlamentdə səs çoxluğu ilə qəbul olunub. Qanunun qəbuluna qədər ölkədə İsrail vətəndaşlarının girişinə qarşı bir sıra etiraz aksiyaları keçirilmişdi.

Qeyd edək ki, Maldiv adaları əvvəllər də İsraillə diplomatik münasibətləri məhdudlaşdırmış, 1974-cü ildə bu əlaqələri tamamilə kəsmişdi. Yeni qərar isə son aylar Fələstində baş verən hadisələr fonunda regionda artan siyasi gərginliyin nəticəsi kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər