Bakı,TurkicWorld
Vəzifəsini tərk etməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden , Amerikada İŞİD üçün heç bir təhlükəsiz sığınacaq olmadığını bildirib.
TurkicWorld xəbər verir ki, o, Ağ Evdəki çıxışı zamanı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Yeni Orleandakı hücumçunun hücumdan əvvəl İŞİD-ə dəstəyini təsdiqləyən bir neçə video yayımladığını müəyyən etdiyini vurğulayıb.
Baydenin sözlərinə görə, ABŞ təhlükəsizlik və kəşfiyyat orqanları hücumçunun ölkə daxilində və xaricdə olan əlaqələrini araşdırır.
Hücumun təşkilatçısı Şəmsəddin Cabbarın 2007-ci ildə ABŞ ordusuna qoşulduğu, insan resursları və informasiya texnologiyaları sahəsində xidmət etdiyi məlum olub.
2009-2010-cu illərdə Əfqanıstanda xidmət etmiş Cabbar 2015-ci ildə ehtiyata keçib və 2020-ci ildə çavuş rütbəsi ilə ordudan ayrılıb.
Bayden əlavə edib ki, FTB ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə əməkdaşlıq edərək Cabbarın orduda xidmət etdiyi dövrdə onunla birlikdə olan şəxsləri də araşdırır.
Qeyd edək ki, yeni ilin ilk günündə ABŞ-ın Yeni Orlean şəhərində baş verən hücum zamanı bir avtomobil əylənən insanların üzərinə sürülüb. Hadisə nəticəsində 15 nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.