Bakı, TurkicWorld
İsrailin su və kanalizasiya infrastrukturunu qəsdən məhv etməsi, minlərlə insanın ölümü ilə nəticələnib.
TurkicWorld xəbər verir ki, Amnesty İnternational və digər insan haqları qruplarının ardınca Human Rights Watch (HRW) da İsraili Qəzzada fələstinli mülki şəxslərə lazımi səviyyədə su təmin etməməklə “cinayət” törətməkdə ittiham edib.
HRW-nin 179 səhifəlik hesabatında, İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzzada fələstinlilərin suya çıxışını blokladığı açıqlanır. Hesabatda, İsrailin elektrik stansiyalarını işlədən günəş panellərini, su çənlərini və təmir avadanlıqlarını hədəf aldığı, generatorlar üçün yanacaq girişini bağladığı qeyd olunur.
HRW-nin İcraçı Direktoru Tirana Hassan, bunun sadəcə səhlənkarlıq deyil, "hesablanmış məhrumiyyət siyasəti" olduğunu vurğulayaraq, bunun “məhv” və “cinayət” olduğunu bildirib.
Hesabat, Qəzzadakı su idarələri, səhiyyə işçiləri və peyk görüntüləri əsasında hazırlanıb.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein isə , HRW-nin ittihamlarını rədd edərək, bu hesabatı “təbliğat” adlandırıb. O, İsrailin Qəzzaya su və humanitar yardım axını təmin etdiyini və su kəmərləri ilə təmizləyici qurğuların işlək olduğunu iddia edib.