Son dəqiqə

Yeni Zelandiya

Yeni Zelandiyada 30-dan çox pilot balina sahilə çıxıb

Bakı, TurkicWorld

Yeni Zelandiyanın şimalında yerləşən Ruakaka çimərliyində sahilə çıxmış 30-dan çox pilot balina yerli Maori qrupu "Patuharakeke"nin rəhbərliyi ilə xilas edilib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, balinaların əksəriyyəti yenidən dənizə qaytarılsa da, üçü yetkin və biri balaca olmaqla dördü tələf olub.

Məlumata əsasən, xilasetmə əməliyyatında iştirak edənlər balinaları xüsusi parçalarla qaldıraraq dənizə daşıyıblar. "Patuharakeke" qrupu gecə boyunca sahildə qalaraq balinaların yenidən sahilə çıxmadığından əmin olub. Hadisədən sonra təkrar sahilə çıxma müşahidə edilməyib.

Qeyd edək ki, Yeni Zelandiya balinaların sahilə çıxma hadisələrinin ən çox baş verdiyi ölkələrdən biridir. 1840-cı ildən bəri ölkədə 5000-dən çox belə hadisə qeydə alınıb. Ən böyük hadisə 1918-ci ildə Çatem adalarında təxminən 1000 balinanın sahilə çıxması ilə baş verib.

Mövzuya görə xəbərlər