BAKI,TurkicWorld Orxan Qədirzadə
Yeni Zelandiya Avstraliya və Ficinin imzaladığı müdafiə ittifaqına qoşulma imkanını nəzərdən keçirir. Bu barədə ölkənin Baş naziri Kristofer Lükson bildirib.
Baş nazir qeyd edib ki, Avstraliya ilə Ficinin bu həftə hərbi müttəfiq olmaq barədə qəbul etdiyi qərar Yeni Zelandiya tərəfindən müsbət qarşılanır.
Onun sözlərinə görə, Yeni Zelandiya ilə Avstraliya arasında uzun illərdir möhkəm hərbi müttəfiqlik mövcuddur və Fici ilə də davamlı strateji münasibətlər qorunur. Lükson bildirib ki, üç ölkə artıq regionun təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərir və bu səbəbdən yeni müdafiə ittifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məntiqli addımdır.
"Sakit Okean Sülh Alyansı" adlanan müdafiə sazişi Ficini Avstraliyanın məhdud sayda müqavilə üzrə hərbi müttəfiqlərindən birinə çevirib. Sənədə əsasən, tərəflər qarşılıqlı müdafiə öhdəlikləri götürür və hər hansı təhlükə zamanı bir-birinə dəstək verməyi öhdələrinə götürürlər.
Saziş Avstraliyanın Sakit okean regionunda artan geosiyasi rəqabət fonunda təsir imkanlarını gücləndirmək səyləri çərçivəsində imzalanıb. Müqavilə Çinin nüvə başlığı daşımaq qabiliyyətinə malik uzaqmənzilli ballistik raket sınağından bir neçə saat əvvəl qüvvəyə minib. Həmin raket Sakit okeana düşüb.
Avstraliya və Fici bildiriblər ki, silahlı qüvvələrə malik digər Sakit okean dövlətləri də gələcəkdə bu ittifaqa qoşula bilərlər.
Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters Çinin ballistik raket sınağını ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, Sakit okean ölkələrinin liderləri uzun illərdir regional təhlükəsizlik məsələlərinin region dövlətlərinin özləri tərəfindən həll olunmasını müdafiə edirlər.
Nazir bildirib ki, Avstraliya, Fici və digər Sakit okean ölkələri ilə mövcud münasibətlərin müdafiə ittifaqı vasitəsilə daha yüksək səviyyəyə qaldırılması tərəfdaşlığı daha da möhkəmləndirə bilər.
Müdafiə naziri Kris Penk isə bu təşəbbüsün Sakit okean ölkələri arasında birliyi gücləndirmək üçün mühüm imkan yaradacağını vurğulayıb.
Uinston Piters daha əvvəl bildirib ki, Çinin raket sınağı region ölkələrinin iradəsinə uyğun deyil. Onun sözlərinə görə, Sakit okean dövlətləri bölgənin xarici güclərin hərbi rəqabət meydanına çevrilməsini istəmirlər.
Nazir vurğulayıb ki, raket buraxılışı Cənubi Sakit okeanda sabitlik və sülh prinsipləri ilə uzlaşmır və bu cür addımlar Çinin davranışında təkrarlanan tendensiyaya çevrilməkdədir.
Ötən ay əldə olunan Yeni Zelandiya Müdafiə Qüvvələrinin daxili sənədində də qeyd olunub ki, Pekinin hərbi dəniz fəaliyyətinin genişlənməsi və ballistik raket sınaqları gələcəkdə Sakit okean regionunda davamlı təhlükəsizlik amillərindən birinə çevriləcək.







