BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çin Prezidenti Si Cinpin Yaxın Şərq ölkələrini bölgəyə xarici müdaxiləni rədd etməyə çağırıb. O, xarici qüvvələrin bölgədə ikili yanaşmadan imtina etməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Çinin dövlət xəbər agentliyi “Sinxua” Si Cinpinin bu fikirləri Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi görüş zamanı səsləndirdiyini bildirib.
Çin Prezidenti Yaxın Şərqdəki məsələlərin həllində bölgə ölkələrinin mövqeyinə hörmətlə yanaşılmasının vacibliyini qeyd edib. O, xarici qüvvələrin müdaxiləsinin rədd edilməsinə çağırış edib.
Si Cinpin, həmçinin Yaxın Şərqə münasibətdə ikili yanaşmanın yolverilməz olduğunu bildirib. Çin liderinin açıqlaması bölgədə hərbi və siyasi gərginliyin artdığı bir dövrdə səsləndirilib.
Si Cinpinlə Əbdülfəttah əs-Sisi arasında keçirilən danışıqlarda Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzularından biri olub.







