BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters israilli həmkarı Gideon Saarla işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığın artmasını müzakirə edib.
TurkicWorld xəbər verir ki, Yeni Zelandiya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Piters israilli məskunlaşanların zorakılığının artmasından, İordan çayının qərb sahilində qanunsuz İsrail yaşayış məntəqələrinin genişləndirilməsindən və Qəzzadakı humanitar vəziyyətdən narahatlığını ifadə edib.
Açıqlamada Uinston Pitersin Fələstinin xarici işlər naziri Varsen Ağabekyan Şahinlə də danışmağı planlaşdırdığı bildirilib.
Son dövrdə bir sıra ölkələr İsrailin Fələstin ərazilərində həyata keçirdiyi siyasətlə bağlı tənqidlərini gücləndirib.
Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ilin iyulunda verdiyi məsləhət xarakterli rəydə İsrailin işğal olunmuş Fələstin ərazilərində davam edən mövcudluğunu qanunsuz hesab edib. Həmin ilin sentyabrında isə BMT Baş Assambleyası İsrailin işğal olunmuş Fələstin ərazilərindəki qanunsuz mövcudluğuna son qoyulmasını tələb edən qətnamə qəbul edib.







