Bakı, TurkicWorld
İsrail Qətərdə yerləşən televiziya kanalını bağladıqdan dörd ay sonra cümə axşamı verdiyi açıqlamada ölkədə çalışan Əl-Cəzirə jurnalistlərinin mətbuat kartlarını ləğv etdiyini bildirdi.
TurkicWorld xəbər verir ki, bu haqda İsrail hökumətinin mətbuat xidməti tərəfindən açıqlama verilib. Açıqlamada “Hökumətin Mətbuat İdarəsi (GPO) İsraildə çalışan Əl-Cəzirə jurnalistlərinin (mətbuat) kartlarını ləğv edib”, - deyə qeyd edilib.
Bəyanatda mətbuat xidmətinin direktoru Nitzan Çendən sitat gətirilərək, “Bu, israillilərə və yəhudilərə qarşı təhrikedici fəaliyyətlər həyata keçirən və (İsrail) əsgərləri üçün təhlükə yarada biləcək yalan məzmunlar ortaya atan bir media orqanıdır",- deyə bildirilib.
Məsələ ilə tanış olan bir İsrail rəsmisi AFP-yə bildirib ki, qərar hazırda İsrail vətəndaşı olan Əl-Cəzirənin tam ştat 4 müxbirinə şamil ediləcək.
İsraildəki Əl-Cəzirə işçilərinin qalan hissəsi, xüsusən də hökumətin aktiv şəkildə məzmun yaratmadığını söylədiyi video hazırlayanlar və fotoqraflar üçün mətbuat icazələri ləğv edilməyəcək.
Qeyd edək ki, GPO mətbuat kartı İsraildə jurnalist kimi fəaliyyət göstərmək üçün məcburi deyil, lakin bu kart olmadan parlamentə və ya nazirliklərə daxil olmaq və ya hərbi obyektlərə giriş əldə etmək demək olar ki, mümkün deyil.
Əl-Cəzirə telekanalının Fələstin bürosunun rəhbəri Valid Öməri bildirib ki, telekanal İsrailin son qərarından xəbərsizdir.
“(Rəsmi bildiriş) bizə nə zaman çatacaq, görəcəyik” ,- deyə Öməri bildirib.
Xatırladaq ki, İsrail ordusu dəfələrlə Əl-Cəzirə əməkdaşlarını Qəzzada HƏMAS və ya onun müttəfiqi İslami Cihadla əlaqəli "terrorçular" olmaqda ittiham edib.
Əl-Cəzirə İsrail hökumətinin ittihamlarını rədd edərək İsrailin Qəzza zolağında kanalın işçilərini sistematik şəkildə hədəf aldığını deyib.
Oktyabrın 7-dən etibarən Qəzzada bir çox Əl-Cəzirə əməkdaşının və onların ailə üzvlərinin İsrail döyüş təyyarələri tərəfindən hədəf alınndığı bilinməkdədir.
Öməri jurnalistlərin WhatsApp qrupuna göndərdiyi mesajda, hamısının İsrail vətəndaşı olduğu Əl-Cəzirə kanalının on dörd əməkdaşının İsrail hökuməti tərəfindən verilmiş mətbuat kartlarına sahib olduğunu bildirib.
Onu da əlavə edək ki, aprelin əvvəlində İsrail parlamenti “dövlət təhlükəsizliyinə zərər verdiyi” hesab edilən xarici media yayımlarının qadağan edilməsinə icazə verən qanun qəbul etmişdi.
Bu qanuna əsasən, İsrail hökuməti mayın 5-də Əl-Cəzirə telekanalının İsraildən yayımını qadağan edən və ofislərinin 45 gün müddətinə bağlanmasını təklif edən qərarı təsdiqlədi və bu qərar çərşəmbə günü Təl-Əvivdəki bir məhkəmə tərəfindən dördüncü dəfə uzadıldı.
Baş nazir Benyamin Netanyahu hökuməti ilə Əl-Cəzirə arasında uzun müddətdir davam edən mübahisə Qəzza müharibəsi başlayandan bəri daha da pisləşdi.
Rabitə naziri Şlomo Karhi may ayında "İsraildə HƏMAS-ın tərəfdarları üçün ifadə azadlığı olmayacaq" deyərək, "Əl-Cəzirə dərhal bağlanacaq və avadanlıqları müsadirə ediləcək",-deyə bildirmişdi.
Lakin kanalın bağlanması ilə bağlı qərar Əl-Cəzirə-nin İsrailin işğal etdiyi İordan çayının qərb sahilindən və ya Qəzza zolağından həyata keçirdiyi yayımlarına təsir etmədi.