Son dəqiqə

Fələstin İsrail Tunis Qəzza

Qəzzadakı müharibənin həlli ərəb ölkələrinin birliyindədir - Tunis XİN rəhbəri

Bakı. TurkicWorld:

İsrailin Qəzzaya hücumlarını dayandırmağın yolu ərəb ölkələrinin birliyindən və daha çox koordinasiyasından keçir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Tunisin Xarici İşlər naziri Nabil Əmmar deyib.

"Tunisin Fələstin məsələsindəki mövqeyi, fikir ayrılıqlarından asılı olmayaraq bütün ərəb ölkələrinin mövqeyini və maraqlarını dəstəkləyəcək mövqedədir. Misir və İordaniyanın milli təhlükəsizliyi bizim üçün vacibdir və Tunis buna uyğun olaraq beynəlxalq arenada öz mövqeyini qoruyur. Qəzzadakı müharibənin həlli ərəb ölkələrinin birliyindədir. Ərəb ölkələri birlikdə hərəkət etməli və daha koordinasiyalı olmalıdırlar. Tunis olaraq biz digər ərəb ölkələri ilə fikir ayrılıqlarının dərinləşməsinə imkan vermirik. Tunis fələstinlilərin tam hüquqlarını almasını dəstəkləyir",- deyə nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzza zolağına etdiyi hücumlarda 1661-i uşaq olmaqla, 4 min 137 nəfər həyatını itirib, 13 min 260 nəfər yaralanıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər