Son dəqiqə

ABŞ Dövlət Departamenti ABŞ xarici siyasəti Tramp dövründə ABŞ Rusiya münasibətləri Victoria Jane Nuland Victoria Nuland ABŞ diplomatiyası ABŞ xarici siyasəti Qərb geosiyasəti Post-sovet məkanı ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Avropa təhlükəsizliyi Ukrayna böhranı ABŞ Xarici Xidməti Under Secretary of State for Political Affairs NATO siyasəti ABŞ–Rusiya münasibətləri ABŞ–Avropa münasibətləri Ukrayna Maidan hadisələri ABŞ-ın Ukrayna strategiyası

Victoria Jane Nuland kimdir?

BAKI, TurkicWorld

Victoria Jane Nuland ABŞ diplomatiyasında son onilliklərin ən təsirli və eyni zamanda ən mübahisəli simalarından biri kimi tanınan amerikalı diplomatıdr. O, 2021–2024-cü illərdə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini (Under Secretary of State for Political Affairs) vəzifəsində çalışaraq Dövlət Departamentində faktiki olaraq üçüncü ən yüksək postu tutub. ABŞ-ın post-sovet məkanı, Avropa təhlükəsizliyi və xüsusilə Ukrayna siyasətinin formalaşmasında açar rol oynayan Nuland, fəaliyyəti ilə təkcə rəsmi diplomatiya çərçivəsində deyil, həm də ideoloji və strateji təsir mexanizmləri vasitəsilə müasir Qərb geosiyasətinin ən sərt və təsirli fiqurlarından biri kimi tarixə düşüb.

Nuland 1961-ci ildə cərrah Şervin B. Nulandın ailəsində anadan olub. Atası Bessarabiya yəhudi mühacirlərindən olan bir ailənin övladı idi. Anası isə Böyük Britaniya mənşəli xristian idi.

1979-cu ildə Choate Rosemary Hall məktəbini bitirib, 1983-cü ildə isə Brown Universitetində rus ədəbiyyatı, politologiya və tarix üzrə bakalavr dərəcəsi alıb. Rus və fransız dillərini sərbəst bilir, çin dilində isə əsas biliklərə malikdir.

Nuland 1984-cü ildə ABŞ Dövlət Departamentinin Xarici Xidmətinə qoşulub. İlk illərdə Çinin Quançjou şəhərində, daha sonra Şərqi Asiya və Sakit okean məsələləri üzrə büroda çalışıb.

1988-ci ildə ABŞ-ın Monqolustandakı ilk səfirliyinin yaradılmasında iştirak edib, 1991–1993-cü illərdə isə Moskvada ABŞ səfirliyində Rusiyanın daxili siyasəti, xüsusilə Boris Yeltsin administrasiyası üzrə işləyib.

1993–1996-cı illərdə Bill Klinton administrasiyası zamanı ABŞ Dövlət katibinin müavini Strobb Talbottun aparat rəhbəri olub. Sonradan keçmiş Sovet İttifaqı ölkələri üzrə direktor müavini vəzifəsində çalışıb.

1998-ci ildə Nuland neokonservativ xəttin əsas ideoloji mərkəzlərindən biri olan “Project for the New American Century” (PNAC) təşkilatının yaradıcılarından biri olub.

Buş administrasiyası və NATO

2003–2005-ci illərdə vitse-prezident Dik Çeyninin milli təhlükəsizlik üzrə əsas müavini kimi çalışıb və İraq müharibəsi dövründə mühüm təsir imkanlarına malik olub.

2005–2008-ci illərdə ABŞ-ın NATO-dakı səfiri kimi Brüsseldə fəaliyyət göstərib və alyansın Əfqanıstandakı əməliyyatlarına Avropa dəstəyinin gücləndirilməsinə fokuslanıb.

Obama dövrü

2011-ci ildə Avropada Konvensional Silahlı Qüvvələr üzrə xüsusi elçi, daha sonra isə Dövlət Departamentinin sözçüsü olub.
2013-cü ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi təyin edilib və bu postda Avropa, Qafqaz və Mərkəzi Asiyada 50-dən çox ölkə ilə diplomatik münasibətlərə nəzarət edib.

Ukrayna böhranı və Maidan

Nulandın adı xüsusilə Ukrayna böhranı ilə sıx bağlıdır. 2013–2014-cü illərdə Maidan etirazları zamanı açıq şəkildə etirazçılara dəstək nümayiş etdirib.

2014-cü ildə yayılan telefon danışığı qalmaqalı — Avropa İttifaqı haqqında sərt ifadələri və Ukraynanın gələcək hökuməti ilə bağlı müzakirələri — beynəlxalq diplomatik qalmaqala səbəb olub.

O, Ukrayna üçün kredit zəmanətlərinin verilməsi, hərbi məqsədlər üçün ölümcül silahlar daxil olmayan texniki və maddi dəstəyin göstərilməsi, eləcə də korrupsiya ilə mübarizə çağırışlarının əsas təşəbbüskarlarından biri olub və Avropa müttəfiqlərini Rusiyaya qarşı daha sərt mövqe tutmağa təşviq edib.

2017-ci ildə Dövlət Departamentindən ayrıldıqdan sonra Nuland ABŞ-da dövlət institutlarının zəiflədiyini və izolyasionizm risklərini açıq şəkildə tənqid edib.

2018-ci ildə Center for a New American Security (CNAS) təşkilatının icraçı direktoru olub. Bu qurum ABŞ müdafiə sənayesi ilə sıx əlaqələri olan nüfuzlu beyin mərkəzlərindən sayılır.

Bayden administrasiyası

2021-ci ildə Co Bayden tərəfindən Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə namizəd göstərilib və Senat tərəfindən təsdiqlənib.

Bu dövrdə Belarus müxalifəti, Rusiya–Ukrayna müharibəsi, Hindistanla strateji tərəfdaşlıq, Nord Stream boru kəməri ilə bağlı sərt açıqlamalar və Ukraynaya hərbi yardımın açıq müdafiəsi ilə gündəmdə olub.

Nuland tarixçi və siyasi şərhçi Robert Kagan ilə evlidir.

Həmçinin o, diplomatik dairələrdə qeyri-rəsmi olaraq “Toria Nuland” adı ilə də tanınır.

Mövzuya görə xəbərlər