BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət Departamenti Yaxın Şərq regionu ilə bağlı səyahət xəbərdarlığını yeniləyərək ABŞ vətəndaşlarını bölgədə mümkün gərginliyin artmasına qarşı ehtiyatlı olmağa çağırıb.
TurkicWorld xəbər verir ki, Departament X sosial şəbəkəsində yaydığı açıqlamada Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına bölgəni tərk etməyi nəzərdən keçirməyi və ya vəziyyətin pisləşəcəyi təqdirdə dərhal ölkədən çıxmağa hazır olmağı tövsiyə edib.
Qurum həmçinin Yaxın Şərqdən kənarda yaşayan ABŞ vətəndaşlarını regiona və region üzərindən səyahət planlarını ciddi şəkildə yenidən qiymətləndirməyə çağırıb.
Dövlət Departamenti bildirib ki, İran və İrana dəstək verən qruplar ABŞ-ın xaricdəki maraqlarını, eləcə də ABŞ vətəndaşları və Amerika ilə əlaqəli obyektləri hədəfə ala bilərlər.
Qeyd olunub ki, oxşar xəbərdarlıqlar ötən həftə də ABŞ Prezidenti Donald Trampın İrana qarşı görünməmiş zərbələr endirilə biləcəyi barədə bəyanatından sonra yayılmışdı. Həmin zərbələrin isə sonradan həyata keçirilmədiyi bildirilir.







