Özbəkistan və Pakistan liderləri ikitərəfli strateji tərəfdaşlığın aktual məsələlərini müzakirə ediblər

Özbəkistan və Pakistan liderləri ikitərəfli strateji tərəfdaşlığın aktual məsələlərini müzakirə ediblər

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Ənvər ül-Haq Kakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı ikitərəfli əməkdaşlığın, ilk növbədə, ticarət-iqtisadiyyat, investisiya və nəqliyyat-kommunikasiya sahələrində daha da gücləndirilməsinin cari məsələləri müzakirə edilib.

Müxtəlif səviyyələrdə fəal dialoqun aparıldığı məmnunluqla qeyd olunub. İlin əvvəlindən qarşılıqlı ticarət və yükdaşımaların həcmi 40 faiz artıb. Toxuculuq, kimya, əczaçılıq və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata keçirilir. İyirmi birgə müəssisə yaradılıb.

2024-2025-ci illər üçün Sənaye Kooperasiyası Proqramının tezliklə qəbul edilməsinin, ticarət maneələrinin aradan qaldırılmasının və işgüzar əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Trans-Əfqan dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Regional gündəmdə olan məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, noyabrın 8-9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçirilir.