Son dəqiqə

Prezident İlham Əliyev Şavkat Mirziyoyev

Mirziyoyev türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib

Bakı,TurkicWorld

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Mirziyoyev bu barədə cümə günü Ankarada keçirilən TDT-nin sammitində çıxışı zamanı bildirib.

"Türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Təşkilata sədrliyi dövründə Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə dərin minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib.

Mirziyoyev beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi rəqabətin kəskinləşməsi və türk dünyasını əhatə edən regionlarda silahlı münaqişələrin fonunda türk dövlətləri arasında əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, qonşu regionlarda qeyri-sabitlik təkcə təhlükəsizlik üçün deyil, həm də ticari-iqtisadi və nəqliyyat əlaqələri, eləcə də inkişaf perspektivləri üçün risklər yaradır.

Özbəkistan Prezidenti zəngin təbii ehtiyatlara və əhəmiyyətli iqtisadi potensiala malik ölkələri birləşdirən TDT-nin qlobal inkişaf, qarşılıqlı etimad və praktiki tərəfdaşlıq üçün nüfuzlu platformaya çevrildiyini vurğulayıb.

O, həmçinin ümumi strateji məqsədlərə nail olmaq və türk dövlətlərinin beynəlxalq arenada maraqlarını irəli aparmaq üçün Təşkilata üzv dövlətləri daha sıx əməkdaşlığa çağırıb.

Mövzuya görə xəbərlər