BAKI, TurkicWorld Orxan Qədirzadə
Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç bildirib ki, Barak Obama administrasiyası 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə lazımi şəkildə reaksiya verməyib və FETÖ terror təşkilatının fəaliyyəti ilə bağlı Ankaranın xəbərdarlıqlarını ciddi qəbul etməyib.
Kılıçın sözlərinə görə, Türkiyə hakimiyyəti terror şəbəkəsinin strukturu və fəaliyyəti barədə ABŞ tərəfini dəfələrlə məlumatlandırsa da, Vaşinqton təhlükənin miqyasını tam dərk etməyib.
Keçmiş səfir bildirib ki, çevriliş cəhdi başlayan kimi ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxlayaraq Türkiyənin qanuni hökumətinə dəstək verilməsini istəyib.
O, həmin dövrdə ABŞ dövlət katibi Con Kerrinin ilk açıqlamasını "çox təəssüf doğuran" adlandırıb.
Kılıç qeyd edib ki, Kerri ilk bəyanatında tərəfləri təmkinli olmağa çağırmışdı, Ağ Ev isə yalnız dörd gün sonra hakimiyyətin zorla ələ keçirilməsi cəhdini açıq şəkildə pisləmişdi.
Keçmiş diplomat əlavə edib ki, ABŞ-ın o vaxtkı vitse-prezidenti Co Bayden 2016-cı ilin avqustunda Türkiyəyə səfəri zamanı Vaşinqtonun çevriliş cəhdinə reaksiyasının gecikdiyini etiraf etmişdi.
2016-cı il iyulun 15-də FETÖ terror təşkilatı ilə əlaqəli hərbçilər qrupu Türkiyədə dövlət çevrilişinə cəhd edib. Çevriliş iştirakçıları Türkiyə Böyük Millət Məclisini və digər dövlət obyektlərini hədəfə alaraq mülki əhaliyə atəş açıblar.
Hadisələr nəticəsində 253 nəfər həyatını itirib, minlərlə insan yaralanıb.




