BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin Daxili işlər naziri Mustafa Çiftçi 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planında iştirak etdiyi bildirilən və uzun müddət axtarışda olan FETÖ üzvü Burkay Karatepenin saxlanıldığını açıqlayıb.
Nazir sosial media hesabında etdiyi paylaşımda Karatepenin polis orqanlarının “həssas, səbirli və diqqətli fəaliyyəti” nəticəsində müəyyən edilərək keçirilən əməliyyatla tutulduğunu bildirib.
“Xəyanəti nə xalqımız, nə də dövlətimiz unutmur”, – deyə Çiftçi qeyd edərək, firari şəxsin uzun müddət izlənildiyini və artıq qaçmağa yerinin qalmadığını vurğulayıb.
Gizləndiyi yerdə narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Burkay Karatepenin tibbi müayinəsi zamanı qanında 0,34 promil spirt aşkar edilib. Bundan əlavə, onun gizləndiyi yerdə narkotik maddə də tapılıb.
Çiftçi FETÖ təşkilatının illər ərzində insanların dini və mənəvi hisslərindən sui-istifadə etdiyini bildirərək, təşkilat üzvlərini “xəyanətin nümayəndələri” adlandırıb.
7 ağır maddə üzrə istintaq başladılıb
Burkay Karatepe barəsində Muğla Vilayət Polis İdarəsində aşağıdakı ittihamlar üzrə hüquqi proses başladıldığı açıqlanıb:
Prezidentə sui-qəsd;
Türkiyə Cümhuriyyəti hökumətini devirməyə və ya fəaliyyətinə mane olmağa cəhd;
Dövlət vəzifəsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd;
Hərbi Cinayət Qanunvericiliyinin pozulması;
Silahla gecə vaxtı soyğunçuluq;
Narkotik maddə saxlamaq;
Rəsmi sənəddə saxtakarlıq.
Nazir Çiftçi açıqlamasının sonunda, dövlətə və xalq iradəsinə qarşı yönələn hərəkətlərin cavabsız qalmayacağını vurğulayıb.
“Prezidentimizə yönələn əlin, dövlətimizə çevrilən silahın, xalqımıza qurulan tələnin hesabı mütləq soruşulacaq. İllər keçsə də, adlar dəyişsə də, xəyanət edənləri və xəyanətlərini unutmayacağıq”, – deyə o bildirib.







