BAKI,TurkicWorld, Orxan Qədirzadə
Qazaxıstan və Türkiyə arasında hərbi tranzitlə bağlı yeni saziş təsdiqlənib.
TurkicWorld xəbər verir ki, Qazaxıstan Senatı Türkiyə ilə hərbi əmlak və şəxsi heyətin hava məkanı vasitəsilə tranzitinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.
Sazişə əsasən, Türkiyəyə məxsus hərbi-nəqliyyat və icarəyə götürülmüş mülki təyyarələrin hər iki ölkənin hava məkanından enişsiz uçuşuna hüquqi baza yaradılır. Sənəd bərabərlik, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.
Məlumata görə, hərbi təyyarələr üçün illik diplomatik icazə nömrəsi, digər uçuşlar üçün isə birdəfəlik icazə mexanizmi tətbiq ediləcək. Bütün uçuşların beynəlxalq aviasiya qaydalarına uyğun olaraq subsonik sürətlə həyata keçirilməsi nəzərdə tutulur.
Saziş çərçivəsində tərəflər aeronaviasiya, hava limanı və yerüstü xidmətlərə görə ödənişlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, fövqəladə eniş hallarında qarşılıqlı yardım göstərilməsi və təhlükəsizlik zonalarının təmin edilməsi öhdəliyi də sənəddə əksini tapıb.
Razılaşmaya əsasən, texniki mütəxəssislərin qəza baş verən əraziyə çıxışı və müəyyən müddət ərzində fəaliyyət göstərməsi də mümkün olacaq.
Sənəd həmçinin şəxsi heyət üzərində yurisdiksiya, kompensasiya mexanizmləri və məxfi məlumatların qorunması məsələlərini tənzimləyir.







