BAKI,TurkicWorld, Orxan Qədirzadə
Hakan Fidan Antalya Diplomatiya Forum 2026 çərçivəsində çıxış edərək bildirib ki, Türkiyə qlobal və regional böhranların demək olar ki, hamısında etimad əsasında dialoq qura bilən nadir ölkələrdən biridir.
Nazir qeyd edib ki, forum qısa müddətdə müxtəlif qitələrdən və siyasi ənənələrdən olan aktorları bir araya gətirən qlobal platformaya çevrilib. Onun sözlərinə görə, bu il forumun mövzusu “Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə aparmaq” olaraq müəyyən edilib və məqsəd mürəkkəb beynəlxalq şəraitdə ortaq həll yolları tapmaqdır.
Fidan vurğulayıb ki, hazırda dünya eyni anda bir neçə böhranla üz-üzədir və bu böhranlar artıq müvəqqəti deyil, beynəlxalq sistemin əsas xüsusiyyətinə çevrilməkdədir. O əlavə edib ki, müharibələrin heç bir qalibi olmur və əsas vəzifə münaqişələrin genişlənməsinin qarşısını almaqdır.
Türkiyə diplomatiyasının prioritetlərinə toxunan nazir, bölgədə əldə olunan atəşkəsin tam tətbiq olunmasının və davamlı sülhə çevrilməsinin vacibliyini qeyd edib. O, həmçinin beynəlxalq ictimaiyyəti dialoq və diplomatiyanı gücləndirməyə çağırıb.
Nazir çıxışında regionda artan gərginliyə də diqqət çəkərək, bəzi aktorların siyasətinin qlobal təhlükəsizliyə təhdid yaratdığını bildirib və beynəlxalq ictimaiyyətin bu məsələdə daha qəti mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.







