BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli ilə parlamentdəki kabinetində bir araya gəlib.
TurkicWorld xəbər verir ki, təxminən 30 dəqiqə davam edən qapalı görüşdən sonra mətbuata açıqlama verən Kurtulmuş, bu ziyarətin əsas məqsədinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının işinə verdiyi dəstəyə görə Bahçeliyə təşəkkür etmək olduğunu bildirib. O, komissiyada təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə də görüşlərini davam etdirəcəyini vurğulayıb.
Komissiyanın fəaliyyətini yüksək qiymətləndirən Numan Kurtulmuş, Türkiyənin terrorla mübarizədə tarixi bir eşikdə olduğunu qeyd edib. O bildirib ki, keçmişdə terrorun bitirilməsi üçün müxtəlif cəhdlər olsa da, ilk dəfədir ki, bu məsələ parlament müstəvisində bu qədər geniş iştirakla müzakirə olunur. TBMM-də təmsil olunan partiyaların birindən başqa hamısının qatıldığı bu komissiya çərçivəsində dəyərli dinləmələr keçirilib və cəmiyyətin bütün təbəqələrinin fikirləri nəzərə alınıb.
Numan Kurtulmuş komissiya tərəfindən hazırlanan birgə hesabatın əhəmiyyətinə diqqət çəkib. O vurğulayıb ki, hazırlanan mətn konkret bir partiyanın görüşünü deyil, parlamentdəki siyasi iradənin ortaq məxrəcini əks etdirir.
TBMM sədri prosesin bundan sonra da şəffaf və səmimi şəkildə davam etdirilməsinin vacibliyini qeyd edərək, terror məsələsinin Türkiyənin tarixindən tamamilə silinməsi üçün lazımi qanunvericilik aktlarının qısa müddətdə parlamentin baş assambleyasında (Genel Kurulda) yetkinləşdiriləcəyinə ümid etdiyini bildirib.







