BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 6 milyon 910 min 808 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 5 milyon 580 min 975 nəfər, beynəlxalq reyslər üzrə isə 7,8 faiz artaraq 1 milyon 329 min 833 nəfər təşkil edib.
2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 284 min 736 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 15 min 957 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz artaraq, 268 min 779 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5 faiz artaraq, 45 min 90 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 9 min 265, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 35 min 285 olub.
2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.







