BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində ölkənin 32 vilayətində keçirilən əməliyyatlar nəticəsində terror təşkilatı İŞİD-lə əlaqəli olduğu və quruma maliyyə dəstəyi göstərdiyi ehtimal edilən 170 nəfərin saxlanıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda əməliyyatların Ankara, İstanbul və İzmir də daxil olmaqla 32 vilayəti əhatə etdiyini bildirib.
Əməliyyatlar Respublika Baş Prokurorluqları, Türkiyə Polis İdarəsinin (EGM) Kəşfiyyat Baş İdarəsi, Terrorla Mübarizə (TEM) İdarəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə həyata keçirilib.
Məlumata görə, son iki həftə ərzində fasiləsiz davam edən əməliyyatlar zamanı əvvəlki dövrlərdə İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərmiş və təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilən 170 şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxslərdən 10-u məhkəmə qərarı ilə həbs edilib, 15 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şübhəlilərlə bağlı istintaq və hüquqi prosedurlar davam etdirilir.
Daxili işlər naziri Ali Yerlikaya əməliyyatlarda iştirak edən polis əməkdaşlarını təbrik edərək, terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb. Nazir bildirib ki, ölkədə təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə əməliyyatlar ilboyu, gecə-gündüz davam etdirilir.







