Son dəqiqə

ABŞ İraq İŞİD təhlükəsizlik Bağdad Silahlı qruplar İraq Silahlı Qüvvələri Beynəlxalq koalisiya

İraq silahlı qrupların tərksilahı üçün danışıqlara başlayır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İraq hökuməti ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin sentyabrın 30-da ölkədən çıxmasının yaxınlaşması fonunda yeni təhlükəsizlik tədbirlərini açıqlayıb. Tədbirlər sırasında silahlı qrupların silahlarını təhvil verməsi ilə bağlı müddəti əvvəlcədən müəyyənləşdirilməyən danışıqların aparılması da nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Sabah ən-Nöman yeni qərarları keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirilib ki, koalisiya qüvvələrinin çıxmasından sonrakı dövrdə ölkənin təhlükəsizliyinin təmin edilməsi əsas məsələlərdən biri olacaq.

Yeni təhlükəsizlik tədbirləri çərçivəsində İraqla beynəlxalq koalisiyaya üzv dövlətlər arasında gələcək münasibətlərin müəyyənləşdirilməsi üçün xüsusi komitə yaradılıb. Komitə koalisiya qüvvələrinin çıxmasından sonra tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın hansı şəkildə davam etdiriləcəyini araşdıracaq.

Bununla yanaşı, İŞİD terror təşkilatının fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinin davam etdirilməsi nəzərdə tutulur. Bağdad hakimiyyəti beynəlxalq qüvvələrin ölkədən çıxmasının terrorla mübarizə sahəsində məlumat mübadiləsinin dayanması anlamına gəlmədiyini bildirir.

Sabah ən-Nöman vurğulayıb ki, İraq hökuməti dövlət qurumlarına tabe olmayan silahlı birləşmələrin ölkədə silahlı şəkildə fəaliyyət göstərməsini qəbul etməyəcək. Bununla belə, həmin qrupların tərksilah edilməsi məsələsində danışıqlar üçün imkanların açıq saxlanıldığı qeyd olunub.

Silahların təhvil verilməsi üçün hələlik konkret son tarix müəyyənləşdirilməyib. İraq hakimiyyəti məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verdiyini bildirir.

Mövzuya görə xəbərlər