Son dəqiqə

Türkiyə İstanbul Ankara İŞİD Antiterror əməliyyatı Terrorizm Jandarma

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyədə terrorizmlə mübarizə çərçivəsində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb. Əməliyyat ölkənin 30 vilayətini əhatə edib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, əməliyyat jandarma qüvvələri tərəfindən İstanbul, Ankara, Adana, Antalya, Bursa, Qaziantep, Kocaeli, Konya, Mardin, Samsun, Van və digər vilayətlərdə eyni vaxtda həyata keçirilib.

Rəsmi məlumata görə, saxlanılan şəxslər İŞİD terror təşkilatına üzv olmaqda, sosial şəbəkələr vasitəsilə təşkilatın təbliğatını aparmaqda, həmçinin terror təşkilatı ilə əlaqəli şəxslər və guya xeyriyyə təşkilatları vasitəsilə onun maliyyələşdirilməsində şübhəli bilinirlər.

Əməliyyatlar zamanı terror təşkilatının fəaliyyəti ilə əlaqəli olduğu bildirilən çoxsaylı sənədlər və rəqəmsal materiallar da aşkar edilərək götürülüb. Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyunun sonunda Ankaranın cənubunda İŞİD-lə əlaqədə şübhəli bilinən bir nəfər polis əməkdaşları ilə baş vermiş silahlı qarşıdurma zamanı zərərsizləşdirilmişdi. Hadisə NATO sammitinin Ankarada keçirilməsinə iki həftə qalmış baş vermişdi.

Bundan sonra Ankara Baş Prokurorluğunun göstərişi əsasında İŞİD və solçu ekstremist qruplaşmalarla əlaqədə şübhəli bilinən daha 209 nəfər saxlanılmışdı. Türkiyə təhlükəsizlik orqanları ölkə ərazisində terror təşkilatlarına qarşı əməliyyatların davam etdiriləcəyini bildirirlər.

Mövzuya görə xəbərlər