ROKETSAN Murat İkinci Türkiyə Müdafiə sənayesi nazirliyi Kara Atmaca

Türkiyənin "Kara Atmaca" qanadlı raketi yeni sınaqda rekord yeniləyib

BAKI,TurkicWorld

Türkiyənin "Kara Atmaca" qanadlı raketi 400+ kilometrlik uçuş məsafəsini qət edərək daha bir uğurlu test uçuşu həyata keçirdi.

TurkicWorld xəbər verir ki, Roketsan tərəfindən Kara Atmaca Layihəsi çərçivəsində hazırlanan Atmaca UM raketi, yeni sınaq atışında məsafə və uçuş müddəti üzrə öz rekordlarını yenilədi.

"Ən uzun mənzilli qanadlı raketimiz Kara Atmaca. Atmaca UM, sınaq atışında ən uzun mənzilli və ən uzun müddətli uçuşunu həyata keçirərək öz rekordunu yenilədi. Ölkəmizə və millətimizə xeyirli olsun",-deyə Roketsan-ın X sosial media hesabındakı paylaşımında qeyd olunub.

Roketsan-ın bu uğuru ilə əlqədar şirkətin Baş Direktoru Murat İkinci də sosial media hesabında açıqlama verib.

"Qanadlı raketimiz Atmaca UM, ən uzun mənzilli və ən uzun müddətli uçuşunu uğurla tamamlayaraq döyüş sahəsindəki etibarlılığını və təsir gücünü bir daha sübut etdi. Əməyi keçən hər kəsə təşəkkür edirəm",- deyə İkinci bildirib.

Qeyd edək ki, 18 avqust 2021-ci ildə Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi ilə Roketsan arasında, Quru Qoşunlarına uzaq məsafədən dəqiq zərbə endirmə qabiliyyəti qazandıracaq Kara Atmaca raketinin hazırlanması üçün müqavilə imzalanıb.

Bu raket strateji yer hədəfləri, hava hücumundan müdafiə batareyaları və sabit və ya hərəkət edə bilən yer-yer raket sistemlərinə qarşı istifadə üçün hazırlanıb.

Kara Atmaca təxminən 250 kq-lıq döyüş başlığına malikdir və infraqırmızı görüntüləmə (IIR) axtarış başlığı sayəsində santimetr dəqiqliyi ilə hədəfləri məhv edə bilir. Bundan əlavə, agressiv manevrlər edərək yüksək çəkindirici təsir göstərir.

Mövzuya görə xəbərlər