Bakı, TurkicWorld:
İsrail törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O, həmçinin, beynəlxalq ictimaiyyətin günahsız fələstinliləri müdafiə etmədiyi halda İsrailin soyqırım aktlarını və beynəlxalq hüququn pozulmasını davam etdirdiyini bildirib.
"Türkiyə olaraq, World Central Kitchen yardım işçilərinin ailələrinə dərin hüznlə başsağlığı verir və bu vəhşi hücumu pisləyirik. Qidanın silah olaraq istifadə edildiyi Qəzzaya humanitar yardımların çatdırılması, aclığın qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir. İsrailin Qəzzada vəhşiliyi qarşısında insan vicdanının gücünü əks etdirən humanitar işçilərin səylərini hər zaman xatırlayacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, World Central Kitchen (WCK) xeyriyyə komandası yeddi üzvünün İsrailin Qəzzaya hücumu nəticəsində həlak olduğunu təsdiqləyib. Həlak olan yeddi yardım işçisi Avstraliya, Fələstin, Polşa, Böyük Britaniya, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşıdır.
Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.