Bakı. TurkicWorld:
Bayraktar TB3 SİHA-nın üçüncü sınaq uçuşu həyata keçirilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Baykar şirkəti bildirib.
Baykar tərəfindən milli və yerli imkanlarla inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3 Mərmərə bölgəsinə təsir edən və 130 km/saat sürətə çatan cənub-qərb küləyinin çətin şərtləri altında üçüncü beş saatlıq sınaq uçuşunu uğurla başa vurub.
Sınaq uçuşu Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilib.
Məlumat üçün qeyd edək ki, Bayraktar TB3 SİHA Türkiyə Respublikasının 100-cü ildönümünü qeyd etmək üçün 3 böyük şəhərdə keçirilən TEKNOFEST çərçivəsində 27 aprel - 1 may tarixləri arasında İstanbulda keçirilən TEKNOFEST-də ilk dəfə ictimaiyyətə nümayiş olunub. Daha sonra Ankara və İzmirdə keçirilən TEKNOFEST-lərdə də iştirak edib.
Qeyd edilib ki, Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
“TCG Anadolu gəmisində Bayraktar TB3 üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırırıq. Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli PUA, həmçinin, uzaq məsafələrdən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənar əlaqə imkanlarına sahib olacaq. “ – deyə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.
Hafiz Rufizoğlu