İstanbul Beynəlxalq Hava Limanının yük dövriyyəsi kəskin şəkildə artıb (ÖZƏL)

İstanbul Beynəlxalq Hava Limanının yük dövriyyəsi kəskin şəkildə artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin noyabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 78 faiz artaraq, 59 milyon 64 min 191 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 52 faiz artaraq 14 milyon 775 min 573 nəfər, beynəlxalq reyslər üzrə isə 88 faiz artaraq 44 milyon 288 min 618 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 69 faiz artaraq 2 milyon 331 min 640 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 176 min 804 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 73 faiz artaraq, 2 milyon 154 min 835 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 55 faiz artaraq, 388 min 461 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 39 faiz artaraq 100 min 950, beynəlxalq reyslər üzrə isə 61 faiz artaraq 287 min 511 olub.

2022-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 169 milyon 74 min 811 nəfər, yük dövriyyəsi isə 3 milyon 699 min 811 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.