BAKI,TurkicWorld
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Elvin Hacıyev və Səbuhi Abbasov Pakistan İslam Respublikasının Pəncab Ombudsmanının Ofisi tərəfindən Lahor şəhərində təşkil olunan “Internship Program 2026” çərçivəsində beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak ediblər.
Proqram çərçivəsində Azərbaycan nümayəndələrinə Pəncab Ombudsmanının Ofisinin institusional strukturu və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Nümayəndələr Şikayətlərin İdarə Edilməsi İnformasiya Sistemi, vətəndaş müraciətlərinin qəbulu üçün fəaliyyət göstərən “1050” Yardım Xətti, eləcə də media strategiyası, sosial media kampaniyaları və ictimai maarifləndirmə fəaliyyəti ilə tanış olublar.
Təcrübə mübadiləsinin mühüm istiqamətlərindən biri Pəncab Ombudsmanının Ofisinin Rəvəlpindi Regional Ofisinə səfər olub. Azərbaycan nümayəndələri burada “Avami Xidmat” Dövlət Xidməti Proqramı çərçivəsində fəaliyyət göstərən Mobil Şikayət Qəbulu Vanının işi ilə yerində tanış olub, ucqar ərazilərdə yaşayan vətəndaşlarla birbaşa ünsiyyətdə olublar.
Səfər zamanı Azərbaycan nümayəndələri ölkəmizdə Ombudsman təsisatının fəaliyyəti, tətbiq olunan müsbət təcrübə və innovativ yanaşmalar barədə məlumat veriblər. Azərbaycan Ombudsmanının fəaliyyət təcrübəsinə müsbət yanaşma ifadə olunub, hər iki təsisatın fəaliyyəti ilə bağlı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan Ombudsman təsisatı ilə Pəncab Ombudsmanının Ofisinin fəaliyyətinin müqayisəli təhlili aparılıb və təsisatların iş təcrübəsinin təkmilləşdirilməsi baxımından faydalı müzakirələr keçirilib.







