Son dəqiqə

Milli Gimnastika Arenası

Kəmər güləşi üzrə 3-cü Avropa çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib

Bakı. TurkicWorld:

Paytaxtımız 1-4 oktyabr tarixlərində kəmər güləşi üzrə 3-cü Avropa çempionatına ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Assosiasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

TurkicWorld xəbər verir ki, oktyabrın 1-də Milli Gimnastika Arenasında Avropa çempionatı ilə əlaqədar ölkəmizə səfər etmiş məşqçi və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Daha sonra 3-cü Avropa çempionatına həsr olunmuş mətbuat konfransı təşkil edilib.

Konfransda Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq Kəmər Güləşi Assosiasiyasının baş katibi Xabir Xabibullin, Olimpiya Oyunlarının gümüş medalçısı İrek Zinurov, kəmər güləşi üzrə 8 qat dünya çempionu Habdijalil Suleymanov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qeyd edib ki, Azərbaycanda milli idman növlərinə xüsusi diqqət yetirilir və bu növləri birləşdirən Azərbaycan Milli İdman Növləri Assosiasiyası ilə birgə ortaq layihələr həyata keçirilir.

“Çempionatda on doqquz ölkədən 100-dən çox idmançı iştirak edəcək. Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi yarışa olan marağın nə qədər böyük olacağından xəbər verir”, - deyə E.Məmmədov bildirib.

Beynəlxalq Assosiasiyanın baş katibi Xabir Xabibullin qitə çempionatlarının tarixindən danışıb. “Sonuncu dəfə Avropa çempionatı 16 il əvvəl Mariapolda keçirilib. Çempionata həmçinin Gelzenkirxen də ev sahibliyi edib. Azərbaycana öz minnətdarlığımı bildirirəm. Avropa çempionatının Bakıda keçirilməsi çox xoşdur. Ümid edirəm ki, çempionat uğurla başa çatacaq, burada yeni çempionlar görəcəyik”, - deyə Xabibullin qeyd edib.

Səkkizqat dünya çempionu Habdijalil Süleymanov da yarış iştirakçılarına uğurlar arzulayıb: “Bakıda uğurumun davamını səbirsizliklə gözləyirəm və bütün iştirakçılara uğurlar arzulayıram”.

Olimpiya Oyunlarının gümüş mükafatçısı İrek Zinurov kəmər güləşini hər zaman dəstəklədiyini bildirib. “Üç ilə yaxındır ki, Azərbaycandayam və bilirəm ki, burada Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi yarışlar necə yüksək səviyyədə keçirilib. Azərbaycanda idmanın yüksək səviyyədə olması məni çox sevindirir”, - deyə Zinurov əlavə edib.

Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Mövzuya görə xəbərlər