Bakı. TurkicWorld
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xidmətlər və investisiyaların inkişafına dair vacib saziş üzrə danışıqlara başlanılıb.
TurkicWorld xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev TDT-yə üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin Bakıda keçirilən ikinci iclası zamanı bildirib.
"Saziş həm iddialı, həm də praktik olmalıdır. Bu proses Qazaxıstanın təşəbbüsü olub. Biz həmçinin Qazaxıstanı, Qırğızıstanı və Türkiyəni rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini mümkün qədər tez ratifikasiya etməyə çağırırıq. Bu, rəqəmsal əməliyyatlara etimadı artıracaq və elektron ticarəti genişləndirəcək", – deyə o bildirib.
Ömüralıyev həmçinin vurğulayıb ki, institusional potensialın inkişafı və özəl sektorun rolunun artırılması yolu ilə Türk dövlətlərinin ticarət-sənaye palatalarını ittifaqı daha səmərəli ola bilər.
"Bu kontekstdə kiçik və orta biznesi dəstəkləyəcək və qarşılıqlı ticarəti artıracaq Türk İnvestisiya Fondunun yaradılması vacib addım olacaq", – deyə o əlavə edib.







