Bakı,TurkicWorld
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov noyabrın 10-11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatında deyilir: "İclas gedişində dövlət başçıları beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin yekunlarını, həmçinin kollektiv təhlükəsizliyin gücləndirilməsi üzrə bundan sonrakı tədbirləri müzakirə edəcəklər.
Terrorçuluq və ekstremizmlə mübarizə, bioloji təhlükəsizliyin təmin edilməsi və Təşkilata üzv dövlətlərin qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
İclasın yekununda bir sıra sənədlərin, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin və Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 35 illiyinə və KTMT-nin 25 illiyinə həsr olunmuş Tədbirlər Planının imzalanması nəzərdə tutulur".







