Bakı,TurkicWorld
Azərbaycan və Qırğızıstan arasında hərbi əməkdaşlıq müzakirə olunub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının müdafiə nazirinin birinci müavini general-mayor Talaybek Şarşeevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinə dərin ehtiram nümayiş etdirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Görüşdə general-polkovnik Z.Həsənov xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlığın genişləndirilməsində də mühüm rol oynadığını diqqətə çatdırıb.
Müdafiə naziri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən birgə təlimlərin ordularımızın döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında müsbət təsir göstərdiyini vurğulayıb.
General-mayor T.Şarşeev ölkəmizə səfərindən məmnunluq ifadə edərək səmimi qəbula görə minnətdarlığını bildirib. Qonaq bu cür səfərlərin ordularımız arasında təcrübə mübadiləsinin artırılmasına, eləcə də hərbi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.
Tərəflər, həmçinin hərbi və hərbi təhsil sahələrində həyata keçirilən birgə fəaliyyətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Qırğızıstandan olan nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.
Milli Müdafiə Universitetinin rektorunun elm və tədris üzrə müavini general-mayor Arif Həsənov ilə keçirilən görüşdə qonaqlar hərbi təhsil müəssisəsinin yaranma tarixi, tədris strukturu və maddi-texniki imkanları ilə yaxından tanış olublar.
Görüşdə, həmçinin hərbi təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi və təcrübə mübadiləsinin artırılması istiqamətində maraq doğuran məsələlərə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonra nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan qırğızıstanlı kursantlarla görüşüb, onların təhsil prosesi və hazırlığı ilə maraqlanıb.







