Şuşa Bəyannaməsinin Azərbaycanın Milli Qurtuluş günündə imzalanması təsadüfi deyil- Vüqar İskəndərov (ÖZƏL)

Şuşa Bəyannaməsinin Azərbaycanın Milli Qurtuluş günündə imzalanması təsadüfi deyil- Vüqar İskəndərov (ÖZƏL)

Bakı, TurkicWorld:

Şuşa Bəyannaməsinin Azərbaycanın Milli Qurtuluş günündə imzalanması təsadüf deyil, bu həm Azərbaycan və Türkiyə xalqına, həm də bütün dünya dövlətlərinə mesajdır.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Dünyada Azərbaycan və Türkiyə qədər bütün sferalarda yaxın münasibətlər quran digər dövlətlərə rast gəlmək mümkün deyil. Bu iki dövlət arasındakı münasibətlər dərin köklərə bağlıdır. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini daha da zirvəyə qaldırdı”, -deyə o əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir və zaman keçdikcə bəyannamənin müddəaları icra edilir.

“Azərbaycan və Türkiyə müttəfiqliyi daha da genişlənəcək, bu birlik dünyaya sülh və tərəqqi mesajı verəcək”, -deyə V.İskəndərov vurğulayıb.

Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında imzalanan bəyannamədir.

Ləman Əsədli
Twitter: Lamanasadli01