Ermənistanın qeyri-stabil siyasəti artıq dünyada qəbul edilmir – Vüqar İskəndərov (ÖZƏL)

Ermənistanın qeyri-stabil siyasəti  artıq dünyada qəbul edilmir – Vüqar İskəndərov (ÖZƏL)

Bakı, TurkicWorld:

Ermənistanın qeyri-stabil xarici siyasətə davam etməsi dövlət kimi mövcudluğunu sual altında qoya bilər, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Ermənilər tarix boyu böyük dövlətlərə sığınaraq yaşamaq hüququ qazanıb. Onlar öz dövlətlərini qurmaq üçün hər zaman Rusiyanın, keçmiş Osmanlı dövlətinin, Fransanın və digər böyük dövlətlərin himayəsinə sığınaraq sonradan onlara yaşamaq hüququ verən dövlətlərə xəyanət ediblər. XX əsrin əvvəllərində Rusiya tərəfindən Azərbaycan ərazisində yerləşdirilən ermənilər Rusiyanın özünə də xəyanət edib. Bu, məhz erməni xislətidir”, - deyə o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan digər dövlətlərdən güc alaraq Azərbaycan torpaqlarını işğal etdi və həmin dövrdə ölkəmizdəki hakimiyyətsizlik, xəyanətlər və s. hər biri buna şərait yaratdı.

“Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi isə bütün bu proseslərə son qoydu. Bu gün 44 günlük vətən müharibəsindən sonra, post-müharibə dövründə Ermənistanın xarici siyasətində əvvəllər olduğu kimi qeyri-stabil siyasət müşahidə edirik. Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətə gətirilməsi Ermənistanın Rusiyadan qopardılamasına hesablanıb. Lakin Paşinyan və onun havadarları Qərb və Rusiya arasında qalaraq gah Rusiyaya, gah Fransaya, gah da ABŞ-a yalvarır”, - deyə V.İskəndərov əlavə edib.

Millət vəkili onu da bildirib ki, Ermənistanın bu cür siyasəti artıq dünyada qəbul edilmir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güclü Azərbaycan quraraq, torpaqlarımızı işğalçılardan azad edərək Ermənistanın bütün xəyallarını puç etdi. Azərbaycan tərəfi bu gün sülh müqaviləsi təklif edir, bölgəyə daimi sülhün gəlməsini arzulayır və bunun üçün bütün lazımi addımları atır. Ermənistan isə gah Avropa yönümlü olur, bir müddət sonra Rusiyanın yanında olduğunu göstərir, Qərb liderləri ilə telefon danışıqları və görüşündə onlarla əməkdaşlıq etmək istədiyini bildirir. Bu cür qeyri-peşəkar siyasət Ermənistana uğur gətirməyəcək, çünki onun qarşısında güclü Azərbaycan var”, - deyə o vurğulayıb.

O hesab edir ki, hal-hazırda Ermənistanın yeganə çıxış yolu ərazilərin delimitasiya və demarkasiya olunması, sülh müqaviləsinin imzalanması və dinc qonşuluq münasibətlərinin qurulmasıdır.

Ləman Əsədli
Lamanasadli01