Son dəqiqə

Vüqar İskəndərov

İranın Naxçıvana hücumu qonşuluq və qarşılıqlı etimada ciddi zərər vurur - Vüqar İskəndərov

Bakı. TurkicWorld:

Azərbaycan və İran arasındakı münasibətlər böyük ölçüdə Azərbaycan tərəfinin konstruktiv və normal qonşuluq siyasəti sayəsində qorunub saxlanılıb.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, zaman-zaman İranın Azərbaycana qarşı qeyri-dost hərəkətləri müşahidə olunub:

"Hətta Azərbaycanın torpaqlarının işğalı dövründə və sonrakı proseslərdə də, təəssüflər olsun ki, müsəlmanlıqdan, qonşuluqdan, qardaşlıqdan və tarixi köklərdən danışan İran əməldə bunun əksini nümayiş etdirib. İran tərəfi dəfələrlə Azərbaycana qarşı qeyri-dost münasibət sərgiləyib. Siyasi xadim bir söz deyib, ordu başqa söz deyib, generallar bir cür danışıb, mollalar isə fərqli mövqe ortaya qoyublar.

Yəni ümumilikdə, İrandan Azərbaycana qarşı qeyri-səmimi və qeyri-dost münasibətlərin şahidi olmuşuq. Buna baxmayaraq, Azərbaycan daim milli maraqlarına söykənən, özünə qarşı hörmətsizliyi qəbul etməyən siyasət yürüdüb. Bununla yanaşı, ölkə konstruktiv qonşuluq münasibətləri və qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirib və bunu praktikada reallaşdırıb.

İranın son günlər Birləşmiş Ştatlar və İsraillə yaşadığı gərginliyin müharibə mərhələsinə keçməsi fonunda baş verən hadisələrə Azərbaycanın yanaşması isə olduqca ləyaqətli və balanslı olub".

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə münasibətdə göstərdiyi konkret mövqe də bunu təsdiqləyir:

"Dövlətə başsağlığı verilməsi, həmin ölkənin Azərbaycandakı səfirliyinə gedilməsi, xatirə kitabına başsağlığı sözlərinin yazılması Azərbaycanın rəsmi mövqeyini ortaya qoyur. Bu mövqe ilk növbədə sabitliyin qorunmasına, tərəflərin dialoq masasına dəvət olunmasına və regionda gərginliyin artmamasına yönəlib. Azərbaycan açıq şəkildə bildirib ki, qonşuluğunda hər hansı gərginliyin yaranmasını arzulamır və bölgədə sabitliyin tərəfdarıdır. Lakin baş verən son hadisələr fonunda İranın molla rejiminin yenidən kin və düşmənçilik nümayiş etdirməsi Azərbaycana qarşı münasibətin real mənzərəsini ortaya qoyur. İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisi istiqamətində, hava limanı yaxınlığına raket və pilotsuz uçuş aparatının atılması ciddi narahatlıq doğurur.

Belə addımlar qonşuluq və qarşılıqlı etimada ciddi zərər vurur. Dövlət siyasəti emosiyalarla deyil, məntiqlə və düşünülmüş siyasi strategiya ilə idarə olunmalıdır. Təəssüflər olsun ki, İranın molla rejimi belə addımlara əl atır və Azərbaycana qarşı münasibəti açıq şəkildə ortaya qoyur".

Vüqar İskəndərov əlavə edib ki, bu cür addımlar qətiyyətlə pislənir. İran tərəfi bu hadisəni dərhal araşdırmalı və məsul şəxslər barədə müvafiq tədbirlər görməlidir. Azərbaycanın ünvanına yönələn belə addımlar qəbuledilməzdir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.

İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb, İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər