Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayıb - Vüqar İskəndərov (ÖZƏL)

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayıb - Vüqar İskəndərov (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayıb.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

"Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Hal-hazırda bu təşkilat Azərbaycanın sədrliyi ilə çox vacib və qlobal platformaya çevrilib. Azərbaycanın sədliyinə qədər olan dövrdə təşkilat bir növ kölgədə qalmış kimi görünürdü və yarandığı müddətdən bu yana beynəlxalq qərarların verilməsində, qlobal çağırışlarda o qədər də aktivliyi hiss edilmirdi. Azərbaycanın bu təşkilata sədrlik etməsi, cənab Prezidentin Qoşulmama hərəkatının rəhbəri seçilməsi hərəkatın canlanmasına səbəb oldu. Cənab Prezidentin sədrliyi ilə Qoşulmama hərəkatı sözün əsl mənasında beynəlxalq aktora çevrilib”, - deyə o əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, bu təşkilat 44 günlük Vətən müharibəsində Azərbaycana öz müsbət töhfələrini verib. Belə ki, vacib qərarların alınmasında, BMT-də müvafiq veto hüququndan istifadə və Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqda dəstəklənməsində Qoşulmama Hərəkatına üzv olan dövlətlərin mühüm rolları olub.

"Pandemiya dövründə QH-nın sədri kimi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi iclasının çağırılması, vaksinasiya prosesinin aparılması üçün vacib addımların atılması və mühüm qlobal çağırışlar bir daha həm ölkəmizin, həm də ölkə başçımızın nüfuzunun böyüklüyünü sübut etdi. Dünyada baş verən islomofobiya və türkofobiya, ümumiyyətlə selektiv yanaşmalar Qoşulmama Hərəkatının Nazirlər şurası toplantısında çıxış edən cənab Prezidentin nitqində yer alıb. Fransanın apardığı neokolonializim, islamafobiya və irqi ayrı-seçkilik siyasəti ölkə başçımız tərəfindən bir daha dünyaya açıq aydın bildirildi”, - deyə V.İskəndərov vurğulayıb.

Vüqar İskəndərov qeyd edib ki, Fransanın apardığı bu siyasət və bu siyasətdən əziyyət çəkən Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də haqq səsi, bu təşkilatın sədri kimi ölkə başçımız cənab Prezident İlham Əliyev tərəfindən dünya ictimaiyyətinə çatdırıldı.

"Ümumiyyətlə, dünyada baş verən hadisələr, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması və ölkəmizin ədalətli mövqeyi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının toplantısındakı çıxışı ilə dünyaya bir daha çatdırıldı. Ermənistanın vandal siyasəti, Azərbaycan xalqına, ərazisinə qarşı etdiyi soyqırımı və işğallar, eyni zamanda, ermənilər tərəfindən Azərbaycana vurulan maddi-mənəvi ziyan ölkə başçısı tərəfindən bir daha bütün dünyaya bəyan edildi. Bu xüsusda Qoşulmama Hərəkatı Azərbaycanın haqq səsini dünyaya çatdırması üçün geniş bir platformadır. Mən düşünürəm ki, Azərbaycanın sədrliyi dövründə bu təşkilat özünün qızıl dövrünü yaşadı", - deyə Milli Məclisin deputatı bildirib.

Aytac Əliyeva

Twitter: a_alieva_