Son dəqiqə

Milli Məclis Vüqar İskəndərov AqrarSektor Fermerlər

Fermerlərin reytinqində təsərrüfatın ölçüsü deyil, səmərəlilik əsas götürülməlidir - Vüqar İskəndərov

BAKI,TurkicWorld

Fermerlərin reytinqi müəyyən edilərkən böyük təsərrüfatlarla kiçik ailə fermerləri eyni meyarla qiymətləndirilməməli, təsərrüfatın ölçüsündən daha çox onun imkanlarına nisbətdə səmərəliliyi əsas götürülməlidir.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov komitənin bugünkü iclasında "Aqrar sahə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət dəstəyinin daha ünvanlı və nəticəyə bağlı olması düzgün yanaşmadır. Lakin bu zaman fermerlərin reytinqinin müəyyənləşdirilməsi mexanizminə xüsusi diqqət yetirilməlidir.

Onun sözlərinə görə, böyük təsərrüfatla kiçik ailə fermerinin eyni meyarlarla qiymətləndirilməsi düzgün yanaşma deyil.

"Elə mexanizm qurmalıyıq ki, böyük fermer daha da böyüsün, amma kiçik fermerləri udmadan", – deyə Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, reytinq sistemində təsərrüfatın böyüklüyü deyil, onun mövcud imkanlarına nisbətdə səmərəliliyi əsas götürülməlidir.

O bildirib ki, reytinq müəyyən edilərkən məhsuldarlıq, suya qənaət, əkilən torpaqdan düzgün istifadə, müasir texnologiyaların tətbiqi və digər göstəricilər nəzərə alınmalıdır.

"5 hektarı səmərəli işləyən fermer 500 hektarı olan təsərrüfat qarşısında əvvəlcədən uduzmuş sayılmamalıdır", – deyə deputat vurğulayıb.

Vüqar İskəndərovun sözlərinə görə, belə yanaşma böyük təsərrüfatların inkişafına imkan verməklə yanaşı, kiçik və ailə fermerlərinin də dövlət dəstəyindən ədalətli şəkildə yararlanmasını təmin edə bilər.

O hesab edir ki, reytinq sisteminin bu prinsiplər əsasında qurulması "Aqrar sahə haqqında" qanunun sosial və iqtisadi balansının qorunması baxımından mühüm məsələlərdən biri ola bilər.

Mövzuya görə xəbərlər