Bakı, TurkicWorld
Livan daxilində İsraillə münasibətlərin normallaşmasını istəyən heç kim yoxdur, Livanlıların hamısı bunu rədd edir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu Livanın baş naziri Nəvaf Salam deyib.
O, ölkəsinin cənubuna qarşı hücumların dayandırılması üçün İsrailə qarşı edilən beynəlxalq təzyiqlərin nəticə vermədiyinə diqqət çəkib.
Nəvaf Salam, həmçinin, Livanın cənubunda İsrail ordusunun hələ də geri çəkilmədiyi beş nöqtə barəsində öz fikrini bildirib.
“Həmin o beş nöqtənin nə hərbi, nə də bir strateji əhəmiyyəti var, onlar sadəcə Livana qarşı təzyiqləri davam etdirmək istəyirlər”, - deyə o bildirib.
Salam, İsrailin Livanın cənubuna etdiyi hücumları səbəbilə ölkədəki vəziyyətin ürəyaçan olmadığını vurğulayıb.
Məlumat üçün bildirək ki, Livan və İsrail arasında atəşkəs razılaşması çərçivəsində yaradılmış Atəşkəs Nəzarət Komitəsində Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL), Livan, İsrail, Fransa və ABŞ yer alır.
Ötən ilin 27 noyabrında İsrail və Livan arasında əldə edilən atəşkəsə baxmayaraq, İsrail bu razılaşmanı pozur.
Livan rəsmilərinin məlumatına görə, atəşkəsin əldə olunmasından sonra İsrail ordusunun etdiyi hücumlarda azı 100 nəfər ölüb, 300-dən çox insan yaralanıb.