Son dəqiqə

İsrail Suriya Səudiyyə Ərəbistanı Benyamin Netanyahu İsrael Kats

Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanı İsrailin Baş naziri Benyamin Netanyahunun Suriyanın cənubunda yerləşən İsrail hərbçilərinə səfərini kəskin şəkildə pisləyib. Ər-Riyad Netanyahunun Suriya ərazisinə daxil olmasını ölkənin suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Netanyahu İsrailin müdafiə naziri İsrael Katsla birlikdə çərşənbə günü Hermon dağının Suriya tərəfində yerləşən hərbi mövqelərə baş çəkib. İsrail rəsmiləri səfər zamanı ölkə qüvvələrinin Suriyanın cənubunda qalacağını bildiriblər.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Netanyahunun addımını “Suriya ərazisinə qanunsuz giriş” adlandıraraq Krallığın Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

Ər-Riyad İsrailin Suriya ərazisinə müdaxilələrinin və pozuntularının dayandırılmasına çağırıb. Nazirlik həmçinin İsrail və Suriya qüvvələrini ayıran, BMT-nin nəzarətindəki bufer bölgənin yaradılmasını nəzərdə tutan 1974-cü il Qüvvələrin Ayrılması Sazişinə əməl edilməsinin vacibliyini vurğulayıb.

Suriya hökuməti də Netanyahunun səfərini “təxribat xarakterli” addım kimi qiymətləndirib. Dəməşq İsrailin davam edən hərbi müdaxilələrinin və hücumlarının regional təhlükəsizlik və sabitliyi təhdid edən təhlükəli gərginliyə səbəb olduğunu bildirib.

Suriya BMT-ni, beynəlxalq təşkilatları və dünya dövlətlərini İsrailin hərəkətlərinin dayandırılması və 1974-cü il sazişinə əməl olunmasının təmin edilməsi üçün müdaxilə etməyə çağırıb.

Netanyahu səfər zamanı İsrailin Hermon dağından Yərmuk çayı istiqamətinə qədər uzanan ərazi üzərində nəzarət yaratdığını bildirib. O, İsrailin təhlükə hesab etdiyi qüvvələrin ölkə sərhədləri yaxınlığında möhkəmlənməsinə imkan verilməyəcəyini deyib.

İsrael Kats isə Hermon dağından Suriya Prezidenti Əhməd əş-Şaraya ünvanladığı görüntülü müraciətdə İsrail qüvvələrinin bölgəni tərk etmək niyyətində olmadığını açıq şəkildə bildirib.

İsrail qüvvələri Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan sonra Suriya ilə İsrailin işğalı altında olan Qolan yüksəklikləri arasındakı BMT nəzarətində olan bufer bölgəyə daxil olub. İsrail əvvəlcə bu addımı müvəqqəti təhlükəsizlik tədbiri kimi təqdim etsə də, sonradan Suriya ərazisinin daha dərin hissələrində hərbi mövqelər yaradıb.

İsrail bölgədəki hərbi mövcudluğunun sərhədləri yaxınlığında təhlükələrin yaranmasının qarşısını almaq məqsədi daşıdığını və Suriyada ərazi iddiasının olmadığını bildirir.

Mövzuya görə xəbərlər