Bakı, TurkicWorld
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ), İsrailin işğal etdiyi Fələstin ərazilərində həyata keçirdiyi fəaliyyətlərinin hüquqi nəticələri ilə bağlı verdiyi qərarı iyulun 19-u cümə günü açıqlayacağını elan edib.
TurkicWorld xəbər verir ki, bu barədə ICJ yazılı açıqlama verib.
İsrailin Fələstin torpaqlarında həyata keçirdiyi işğalı və ilhaqı ilə bağlı yekun rəy açıq dinləmədə Məhkəmənin sədri, livanlı hakim Nəvaf Salam tərəfindən oxunacaq.
Fevralın 19-26-da Məhkəmədə keçirilən şifahi dinləmələrdə Türkiyə də daxil olmaqla 49 ölkə və 3 beynəlxalq təşkilat İsrailin Fələstin torpaqlarındakı işğal siyasəti ilə bağlı fikirlərini Məhkəməyə təqdim etmişdi.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 30 dekabr 2022-ci il tarixli qərarında Məhkəmə Nizamnaməsinin 65-ci maddəsinə əsaslanaraq, 1967-ci il müharibəsindən bu zamana qədər İsrailin Fələstini işğalının hüquqi nəticələri ilə bağlı BƏM-ə iki sual yönləndirmişdi.
BMT Baş Assambleyasının Məhkəmədən tələb etdiyi suallar aşağıdakılardır:
“1- İsrailin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu davamlı şəkildə pozması, işğalını davam etdirməsi, 1967-ci ildən bəri Fələstin torpaqlarında məskunlaşdırma və ilhaq fəaliyyəti, Qüdsün demoqrafik strukturunu, xarakterini və statusunu dəyişməyə yönəlmiş fəaliyyəti və bununla bağlı qanun və tədbirlərin qəbul edilməsinin hüquqi nəticələri nələrdir?
2- Birinci sualda qeyd olunan İsrailin əməlləri işğalın hüquqi statusuna necə təsir edir və bu vəziyyətin bütün dövlətlər və Birləşmiş Millətlər Təşkilatı üçün yaratdığı hüquqi nəticələri nədən ibarətdir?
Xüsusuiylə bunu da vurğulayaq ki, ICJ tərəfindən verilən məsləhət xarakterli rəylər hər nə qədər məcburi olmasa da, bir çox dövlət və təşkilatların bunları nəzərə aldığı və verilən rəyə uyğun hərəkət etdiyi bildirilir.
Belə ki, Məhkəmə 2004-cü ildə İsrailin Fələstin torpaqları üzərində inşa etdiyi divarla bağlı verdiyi məsləhət rəyində divarın qanuna zidd olduğunu müəyyən etmişdi. Bu rəydən sonra bir çox dövlət və şirkət sözügedən divarın tikintisinə töhfə verməkdən imtina etmişdi və İsrailə satdıqları tikinti materiallarının divarın inşasında istifadə edilməməsi şərtini qeyd etmişdi.