Bakı. TurkicWorld:
Qırğızıstan və Böyük Britaniyanın xarici işlər nazirləri Jeenbek Kulubayev və Devid Kemeron 2024-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalayıblar.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Məlumata görə, danışıqlar zamanı Jeenbek Kulubayev Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin Qırğızıstana ilk rəsmi səfərini alqışlayıb və siyasi dialoqun müsbət dinamikasının gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
O, britaniyalı həmkarına əməkdaşlığın potensial istiqamətləri, o cümlədən xarici investisiyaların cəlb edilməsi, ticarət dövriyyəsinin artırılması, qabaqcıl texnologiyalardan istifadə etməklə nadir metalların birgə işlənməsi və yaşıl enerjiyə keçid barədə məlumat verib.
Devid Kemeron Böyük Britaniyanın Mərkəzi Asiya ölkələri və Qırğızıstanla tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğu barədə məlumat verib.
O, həmçinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini qeyd edib və Qırğızıstanda təhsil proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, tərəflər qlobal gündəliyi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Danışıqlar nəticəsində tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalayıblar. Qırğızıstan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığa dair birgə bəyanat da qəbul edilib.