BAKI,TurkicWorld
Böyük Britaniyanın Mali Sanksiyaların İcrası İdarəsi (OFSI) İrana qarşı yeni sanksiya qadağalarının qüvvəyə minməsini nəzərə alaraq "Şahdəniz" layihəsi üzrə ümumi lisenziyaya dəyişikliklər edib.
OFSI bildirib ki, 29 sentyabr 2026-cı il tarixində lisenziyanın şərtlərinə əməl olunmaqla "Şahdəniz" layihəsinin fəaliyyətinin davam etdirilməsi üçün zəruri işlərin həyata keçirilməsinə imkan verən INT/2025/7363752 nömrəli ümumi lisenziyaya dəyişikliklər edilib.
Belə ki, OFSI İrana qarşı sanksiyalar haqqında Əsasnamənin (nüvə fəaliyyəti) 17A ("İrana investisiyalar") və 17C ("sığorta və təkrar sığorta xidmətləri") müddəalarını lisenziyanın 2-ci bəndində sadalanan qadağalara daxil edib.
INT/2025/7363752 nömrəli ümumi lisenziya OFSI tərəfindən 29 sentyabr 2025-ci il tarixində "İrana qarşı sanksiyalar haqqında 2019-cu il Əsasnaməsi (nüvə fəaliyyəti) (Aİ-dən çıxış)" sənədinin 40-cı müddəasına uyğun olaraq verilib.
OFSI-nin məlumatına görə, lisenziya fiziki şəxslərə və müvafiq Britaniya qurumlarına "Şahdəniz" layihəsinin fəaliyyətinin davam etdirilməsi üçün zəruri işləri, o cümlədən mal, xidmət, maliyyələşdirmə və digər dəstəklərin təqdim edilməsini həyata keçirməyə imkan verir.
Bununla yanaşı, OFSI vurğulayır ki, NICO-ya və ya sanksiya siyahısına daxil edilmiş hər hansı digər şəxsə birbaşa ödənişlərə icazə verilmir. NICO-ya ödənilməli vəsaitlər elə şəkildə köçürülməlidir ki, vəsaitlər və ya iqtisadi resurslar birbaşa qeyd olunan sanksiyaya məruz qalmış şəxsin sərəncamına verilməsin.
Qeyd edək ki, bp-nin məlumatına görə, "Şahdəniz" yatağının fəaliyyətdə olan infrastrukturunun hazırkı hasilat gücü sutkada təxminən 76,8 milyon standart kubmetr qaz və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.
"Şahdəniz" layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülür: bp (operator) – 29,99 faiz, LUKOIL – 19,99 faiz, TPAO – 19 faiz, SGC – 16,02 faiz, NICO – 10 faiz, MVM – 5 faiz.







